Nəsimi rayon Mərkəzi kitabxanası

Nəsimi rayon MKS
Xəbərlər
30 Dekabr , 2018

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Bu tarix milli birliyin yaradılmasının başlanqıc nöqtəsidir. Ulu öndər Heydər Əliyevin azərbaycançılq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər.  Ulu öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsinin, həmrəyliyin banisi idi. Həmrəylik gününün qeyd olunması ilə bağlı tarixi qərar da o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da verilib. Bu, uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılması, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıcı idi. Əslində bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməli qoyuldu. 2001-ci il noyabrın 9-10-da Bakıda dünya azərbaycanlılarının I qurultayı keçirildi. Qurultay müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyi və fəallığının artmasına ciddi təsir göstərdi. Həmin qurultayda ulu öndərin böyük iftixarla söylədiyi bir kəlam isə dilllər əzbərinə döndü.... Azərbaycan Prezidentinin 2002-ci il 5 iyul tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il dekabrın 27-də “Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirdi. Ulu öndərimiz xaricə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq, mütləq həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşlərə də vaxt ayırır, onlara tövsiyyələrini verirdi...  Hazırda Prezident İlham Əliyev də ulu öndərin bu estafetini də uğurla davam etdirir. Dövlət başçısının 8 fevral 2006-cı il tarixli sərəncamına uyğun olaraq həmin il martın 16-da Bakıda Dünya azərbaycanlılarının 2-ci qurultayı keçirildi. Bu mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi, Azərbaycan Prezidentinin türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimi tarixə düşdü...Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzaladı. 2008-ci il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndimə Şurasının toplantısında “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” qəbul edildi...

...Dövlətimizin diaspor siyasəti, xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Indi soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında da qətiyyət nümayiş etdirirlər...

...Hazırda dünyanın əksər ölkələrində 400-dən çox diaspor təşkilatı üçrəngli bayrağımız altında uğurla fəaliyyət göstərir. Azərbaycanlı gənclərin xarici ölkələrdə təşkilatlanması, onların diaspor hərəkatındakı iştirakı da uğurla gedir. “Rusiyanın Azərbaycanlı gənclər təşkilatı” isə özünün çoxşaxəli fəaliyyəti ilə əsl nümunə nümayiş etdirir. Qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr, həyata keçirilən tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.   ...Bu tendensiya Avropa ölkələrində də özünü yüksək səviyyədə göstərir. 2010-cu ilin noyabrında Dünya Azərbaycanlı Gəncləri Almaniyanın Frankfurt şəhərində bir araya gələrək özlərinin 1-ci konqresini keçirdilər. Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Gəncliyi Dövlət Proqramı”na uyğun olaraq Diasporla İş üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin keçirdiyi bu tədbirdə 25 ölkədən azərbaycanlı gənclər, 41 diaspor təşkilatının rəhbəri iştirak etdi. Konqres xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin diaspor quruculuğu işinə cəlb olunması, onların ictimai-siyasi fəallığının artırılması yönündə daha bir mühüm addım oldu... 

  2011-ci il iyulun 5-də isə Bakıda Dünya Azərbaycanlılarının 3-cü qurultayı keçirildi. Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı imzaladığı 21 yanvar 2011-ci il tarixli  Sərəncamına uyqun olaraq keçirilən Dünya Azərbaycanlılarının 3-cü qurultayı dünyanın müxtəlif ölkələrindən yüzlərlə həmvətənimizi Azərbaycan paytaxtında bir araya gəldi. 

2012-ci ilin martında təsis edilən Dünya Azərbaycanlı Gənclər Birliyi, eləcə də Moskva, Hyuston, Paris və Türkiyənin Kocaeli şəhərində fəaliyyətə başlayan Azərbaycan Mədəniyyət Mərkəzləri diasporumuzun imkanlarını daha da artırır. 2013-cü il həm Azərbaycanda, həm də dünyada yaşayan azərbaycanlıların həyatında mühüm tarixi hadisələrlə zəngin bir il kimi qaldı. 2013-cü il oktyabrın 9-da ölkəmizdə keçirilən növbəti Prezident seçkilərində xalqın  inanılmış lideri, əvvəlki Prezidentliyi dövründə həm də dünya azərbaycanlılarının güvənini, etimadını qazanan İlham Əliyev yüksək səs çoxluğu ilə yenidən dövlət başçısı seçildi. Bu qələbə Azərbaycançılıq məfkurəsinin banisi Heydər Əliyev ideyalarının təntənəsinə, bu ideyaların ətrafında sıx birləşən dünya azərbaycanlılarının qələbəsinə çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən Azərbaycan indi bütün dünya azərbaycanlıları üçün güc mənbəyidir. Dövlətimizin başçısı bu gün 60 milyondan çox dünya azərbaycanlılarının lideri olmaqla yanaşı, həm də beynəlxalq siyasətdə ən nüfuzlu dövlət xadimi və siyasətçilərdən biridir....

2013-cü ildə dünya azərbaycanlıları üçün böyük fəxarətə çevrilən daha bir hadisə baş verdi: Azərbaycanın peyki açıq kosmosa çıxdı, Azərbaycan azsaylı kosmik ölkələr sırasına daxil oldu....

Ölkəmiz 2013-cü ili, eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi yekun vurur. Bu tarixi qələbə Azərbaycanda yürüdülən siyasətə və ən nəhayət, beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin təzahürüdür. Prezident İlham Əliyevin Həmrəylik günü münasibətilə dünya azərbaycanlılarına ünvanlanan təbrikində qeyd olunur ki, bu qurumlar ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi və Azərbaycan reallıqlarının dünyaya çatdırılmasına əlverişli şərait yaradırlar.

Həmrəylik günü xalqımızın birlik şüarının simvolik günüdür. Gündən-günə daha sürətlə inkişaf edən müstəqil Azərbaycan isə bütün dünya azərbycanlıları üçün cazibə mərkəzidir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirir, bütün qüvvə və bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər edirlər